Birinci vitseprezident: Mövcud problemləri, həllini tapmayan məsələləri aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq


Siyasət 05 Okt 2017 22:57:00 426 0

Birinci vitseprezident: Mövcud problemləri, həllini tapmayan məsələləri aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq

Mövcud problemləri, həllini tapmayan məsələləri aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir: "Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir. Bütün ölkədə geniş şəkildə quruculuq işləri aparılır. Bakının müasirləşməsi, paytaxtımızın gözəlliyi, təmizliyi, abadlığı barədə təkcə Azərbaycanda yox, xaricdə də danışırlar. Təkcə Bakı deyil, hər bir rayonda, hər bir regionda inkişaf gedir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır, qazlaşdırma aparılır, insanları narahat edən məsələlər aradan qaldırılır, yeni imkanlar açılır".

Mehriban Əliyeva deyib ki, son illər ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülür. Bu sahədə də böyük irəliləyiş var: "Bir neçə gün bundan əvvəl dövlətimizin başçısı Şamaxı rayonunda bir neçə yeni obyektin, yeni yolların açılışlarında iştirak etmişdir, Dəmirçi kəndində yenidən inşa olunmuş turizm infrastrukturu ilə tanış olmuşdur. Həmin kənddə bərpa olunmuş qədim məscidi ziyarət etmişdir və yeni yolun - Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən yeni, daha qısa məsafəli, cəmi 22 kilometr uzunluğunda olan yolun salınması üçün bütün lazımi göstərişləri vermişdir.

Ondan əvvəlki həftədə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə geniş məlumat vermişdir. Mən əminəm ki, bunu siz hamınız yaxşı bilirsiniz. Bizim xalqımız, bizim idmançılarımız digər sahələrdə olduğu kimi, idman sahəsində də böyük qələbələrə imza atıblar. Biz 2015-ci ildə birinci Avropa Oyunlarını böyük uğurla keçirmişik. Bu il İslam Həmrəyliyi Oyunlarını keçirmişik. Bizim idmançılarımız son Olimpiya Oyunlarında 18 medal qazanıblar, Azərbaycanın bayrağını ucaldıblar. Budur bizim nailiyyətlərimiz. Bu sahədəki nailiyyətlərimiz dünyanın bütün idman ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir və ölkəmiz bir nümunə kimi təqdim olunur".

Birinci vitse-prezident əlavə edib: "Ondan əvvəl isə Bakıda "Əsrin kontraktı"nın yeni mərhələsinin imzalanması mərasimi keçirilmişdir. Bu kontraktın uzadılması ölkəmizin hərtərəfli inkişafına güclü təkan verəcək. Bu, nə deməkdir? Bu, o deməkdir ki, yeni infrastruktur yaradılacaq, yeni iş yerləri açılacaq, ölkəmizə yeni sərmayələr gələcək, insanları narahat edən problemlər yenə də aradan qaldırılacaq. Bir sözlə, bu gün Azərbaycan inkişaf və tərəqqi yolu ilə irəliləyir. Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik.

Eyni zamanda, mövcud problemləri, həllini tapmayan məsələləri də biz yaxşı bilirik və bunları aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq. Mən əminəm ki, bütün arzularımıza nail olacağıq. Çünki bunun üçün bütün amillər - müstəqil siyasət, xoş niyyət, iqtisadi potensial və ən əsası xalqın inamı və dəstəyi var. Bir daha deyirəm ki, sizin dəstəyinizlə və Allahın köməyi ilə biz bütün arzularımıza nail olacağıq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində