Mehriban Əliyeva: Biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik


Siyasət 05 Okt 2017 22:59:00 373 0

Mehriban Əliyeva: Biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik

Biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Birinci vitse-prezident qeyd edib ki, iyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Qonşu ölkənin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək qaçqın və köçkün həyatı sürməyə məcburdurlar:

"Dövlətimizin başçısı İlham Əliyev həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli görüşlərdə bu məsələni daim gündəmə gətirir. Bildiyiniz kimi, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltmişdir. O, ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyon insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.

Uzun illərdir ki, biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və biz sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar bu günün reallığıdır. Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ - öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində