Prosineçki: "Mahir Mədətov az oynadığına görə hətta məndən incimişdi"


İdman 05 Okt 2017 22:54:00 421 0

Prosineçki: "Mahir Mədətov  az oynadığına görə hətta məndən incimişdi"

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində keçirdiyi son ev matçında Çexiyaya uduzub - 1:2. Goal.az xəbər verir ki,  oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın çalışdırıcısı Robert Prosineçki fikirlərini bölüşüb və media nümayəndələrinin suallarını cavablandırıb. 

“İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən bizə qol vurdular. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm”.

- Almaniyadan Bakıya qayıdacaqsınız, ya burada sonuncu mətbuat konfransınızdı?

- Bəli, qayıdacam. İlin sonuna kimi müqaviləm var. AFFA rəhbərliyi ilə gələcəklə bağlı danışacam.

- Millidə qalsanız, heyətdə nə kimi dəyişiklik edəcəksiniz?

- Futbolda səhvlər olur. Oyunçularım da bu gün səhvlər etdi. Standart vəziyyətdə çətinliklərimiz var. Mən və başqası olsa fərqi yoxdu, görüləsi iş çoxdu. Razılaşın ki, mən gəldikdən sonra Azərbaycan baxımlı futbol oynayır. Əsas gənc oyunçularla işləmək lazımdı. Mahir Mədətova 15 dəqiqə şans verdim, az oynadığına görə hətta məndən incimişdi.

- Dəniz Yılmazı niyə heyətə cəlb etmədiniz?

- Mən bu suala ilk dəfə cavab verəcəm. Almaniya ilə oyunda Deniz Yılmaz əsas heyətdə meydana çıxmalı idi, amma o, bundan imtina etdi. Nə qədər ki, mən yığmada çalışıram, Deniz Yılmazı bir daha milliyə dəvət etməyəcəm. Mənim onu oynatmaq istədiyim mövqedə çıxış etmək istəmirdi. Peşəkar futbolçu hansı mövqeyə qoyulsa, orda çıxış etməlidi. 

- Bizdən xeyli az sayda əhalisi olan ölkələr - Xorvatiya, Serbiyada futbol xeyli inkişaf edib. Niyə bizdə heç vaxt məşqçilər komandada nəyin alınmadığını demir? 

- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdu. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidi. Ölkə çempionatında çıxış edən Bədavi Hüseynov və Rəşad Sadıqov ölkə çempionatında kofe içə-içə oynaya bilərlər. Problem odu ki, bizdə top-ölkə çempionatlarında oynayacaq futbolçuların olmamasıdı.

- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiz?  

- Onlarla oynamaq çətindi. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürpriz etmək çətindi. Bədavi Hüseynov zədəlidi. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq.