Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb


Digərləri 05 Okt 2017 18:29:00 388 0

Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb

Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb.

Bakı. Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemi və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, daşınması mümkün olduğuna görə götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş tank əleyhinə minanın ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.