Litvalı jurnalistlər “Trend” İnformasiya Agentliyinə baş çəkib (FOTO)


Digərləri 05 Okt 2017 18:35:26 311 0

Litvalı jurnalistlər “Trend” İnformasiya Agentliyinə baş çəkib (FOTO)

“Trend” İnformasiya Agentliyində məşhur litvalı jurnalistlər – Ritas Staselis və Tereze Stanyulite ilə görüş keçirilib

Bakı. “Trend” İnformasiya Agentliyində məşhur litvalı jurnalistlər – Ritas Staselis və Tereze Stanyulite ilə görüş keçirilib. Jurnalistlər bildirib ki, Bakıya biznes-jurnalistika üzrə beynəlxalq treninq proqramı çərçivəsində gəlib və burada olduqları bir neçə gün ərzində şəhərin görməli yerləri ilə tanış olublar. Tereze Stanyulite deyib ki, biznes-jurnalistika üzrə treninqlər çox uğurlu keçib və onlar auditoriya ilə işləməkdən məmnun qalıblar. Tereze vurğulayıb ki, Azərbaycan paytaxtından yalnız müsbət təəssüratlar alıb. Ritas Staselis deyib ki, o səksəninci illərin sonu – doxsanıncı illərin əvvəlində Azərbaycanın müxtəlif bölgələrinə səfər edib. O, hələ Dağlıq Qarabağ münaqişəsindən əvvəl Gəncə, Naxçıvan, Xocalı və Xankəndiyə səfər edib və Litva KİV-ləri üçün dəfələrlə reportajlar hazırlayıb. O həmçinin 1990-cı ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə müsahibə aldığını xatırladıb: “Mən o zaman onunla SSRİ-nin keçmiş yüksək vəzifəli şəxsi qismində söhbət etmişdim. Çox maraqlı idi... Mən ona Litvanın müstəqilliyi ilə bağlı kifayət qədər kəskin suallar verirdim. O, bütün suallara cavab verərək müstəqil Litvaya uğurlar arzuladı və Azərbaycanın da müstəqillik qazanacağına ümid etdiyini bildirdi”. R.Staselis onu da qeyd edib ki, 2007-ci ildə o, Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb. Bakının 2007-ci illə müqayisədə görünüşündə dəyişikliklər barədə danışan jurnalist bildirib ki, paytaxt çox dəyişilib və bütün müasir meqapolislər kimi inkişaf edir. Ritas Staselis dəfələrlə Litvada ilin jurnalisti seçilib, "Mazoji Lietuva", "Respublika", "Lietuvos zinios", "Verslo klasė", "Verslo zinios" kimi qəzetlərdə işləyib, Litva ictimai televiziyasının redaktoru olub və bir çox populyar qəzetlərlə əməkdaşlıq edib. Tereze Stanyulite də Litva KİV-ləri ilə əməkdaşlıq edir və Litva Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işləyib.