Lənkəranda sel bir çox fəsadlar törədib - VİDEO


Sosial 05 Okt 2017 13:50:13 483 0

Lənkəranda sel bir çox fəsadlar törədib - VİDEO

Onlarla körpü dağılıb, yüzlərlə evi su basıb, torpaq sürüşmələri baş verib

Lənkəran rayonunda sel bir çox fəsadlar törədib.

"Report"un Cənub bürosunun məlumatına görə, daşqınlar nəticəsində 10-a yaxın körpü dağılıb. 

Bundan başqa, Ələt-Astara avtomobil yolunun Velədi kəndi ərazisindən keçən hissəsində, Lənkərançayın üzərindəki avtomobil körpüsündə dörd yerdə çatlar əmələ gəlib. 

Təbii fəlakətlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətində fövqəladə yığıncaq keçirilib. Bildirilib ki, otyabrın 2-dən etibarən yağan aramsız leysan yağışlar nəticəsində Lənkərançay, Girdəni çayı, Viravul çayı, Boladı çayı, Qumbaşı çayı məcralarından çıxması səbəbindən ətraf əraziləri su basıb. Nəticədə şəhər ərazisi də daxil olmaqla Sütəmurdov, Girdəni, Şovu və Narbağı kəndi ərazilərində 34 evdən sakinlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin canlı qüvvəsi və texnikası vasitəsi ilə təxliyə edilərək qohumlarının evinə köçürülüblər.

Əşlə kəndində dəmir-beton konstruksiyalı 1 avtomobil körpusü, Vilvan kəndində 1 piyada körpüsü, Boladi çayının üzərindəki 1 dəmir konstruksiyalı avtomobil körpüsü, Havzova kəndində 1 dəmir konstruksiyalı avtomobil körpüsü dağılıb. Girdəni kəndində Ulumçayın daşması nəticəsində bir məhəlləni magistral yolla birləşdirən körpü dağılıb. Şovu kəndində yeni tikilmiş ikimərtəbəli iki yaşayış evi və ona qədər evin daş hasarını sel suları dağıdıb. “Bəşəru” istirahət mərkəzi və Təngivan kənd ibtidai məktəbini sel suları basıb. Hətta Lerik rayonuna gedən 35 minlik elektrik xətti dirəyini də sel suları aşırıb.

Eyni zamanda dağ kəndlərindən olan Gəgiran, Tuado, Bəliton kəndlərində torpaq sürüşmələri baş verib. Yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Tuado kəndində dəmir-beton konstruksiyalı körpü dağılıb. Gəgiran kəndində bir ev qəzalı vəziyətə düşüb.

Günəhir-Türkəncil yolunun bir neçə yerində də sel suları avtomobil yolunu yuyub. Lənkəran-Lerik avtomobil yolunun 18-ci km-də torpaq sürüşməsi baş verib.

Lənkəran çayının və magistral kollektorun məcradan çıxması nəticəsində şəhər ərazisində 150-dən çox, kəndlərdə isə 400-dən artıq evə və ya təsərrüfata ziyan dəyib, lil kütləsi evlərə dolub.

Lənkərandakı yarımstansiyada baş verən qəza səbəbindən rayon ərazisinin bir çox ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Bu istiqamətdə təmir-bərpa işləri aparılsa da, hələlik qəzaları tamamilə aradan qaldırmaq mümkün olmayıb.

Hazırda yağış dayanıb, evlərdən sular çəkilir və fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülür.