Azərbaycanın nümayəndə heyəti Beynəlxalq Anti-Korrupsiya Akademiyasının tədbirində iştirak edib


Siyasət 05 Okt 2017 12:58:14 485 0

Azərbaycanın nümayəndə heyəti Beynəlxalq Anti-Korrupsiya Akademiyasının tədbirində iştirak edib

Kamran Əliyev sessiyada çıxış edib

Misir Ərəb Respublikasının Şarm El Şeyx şəhərində Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycanın bu sahədə əldə etdiyi uğurları qeyd edib.

Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib, qeyd edilən qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb, həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanıb.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, Misir Ərəb Respublikası və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev iştirak edib.