İran prezidenti: “Ölkələrimiz separatçılığı qəbul etmir”


Dünya 04 Okt 2017 16:45:00 384 0

İran prezidenti: “Ölkələrimiz separatçılığı qəbul etmir”

Türkiyə prezidenti: “İran, İraq mərkəzi hakimiyyəti və Türkiyə birlikdə daha sərt şəkildə addımlar atacağıq”

“Hər iki ölkə ticarəti milli valyuta ilə edəcək”.

“Report” xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

H.Ruhani bildirib ki, Türkiyə İranda karbohidrogen yataqlarına sərmayə qoymağa razılıq verib: "Turizmin inkişaf etdirilməsi barədə də razılıq əldə edilib. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq haqqında razılığa gəliblər. İraq və Suriyadakı vəziyyəti müzakirə etmişik. İran, Türkiyə və Rusiya Suriya məsələsində eyni mövqedən çıxış edir. Suriyada sülh və sabitliyin təmin edilməsi bölgədə təhlükəsizlik və stabilliyə yardımçı olar”.

Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı bölgədə separatçılığa qarşı olduqlarını vurğulayıblar: “Ölkələrimiz separatçılığı qəbul etmir. İraq əhalisi dostumuzdur. İraqın şimalındakı bəzi qüvvələr separatçılıq edirlər. Terrorçuluğa qarşı mübarizə hər iki dövlətin əsl hədəfidir. Bunun adı İŞİD, PKK olsa da, ona qarşı birgə mübarizə aparacağıq”.

R.T.Ərdoğan deyib ki, iki ölkənin bankları qarşılıqlı şəkildə işləyəcək: "İran banklarının Türkiyədə, Türkiyə banklarının İranda şöbələri açılacaq. Enerji sektorunda əməkdaşlığımızı davam etdirəcəyik. Mədəniyyət və turizm nazirlərimiz öz aralarında əməkdaşlığı davam etdirəcəklər. Bu sahədə təcrübəmizi İranla bölüşməyə hazırıq. Turizm sektorundakı sərmayəçilərimizi İranda fəaliyyət göstərməyə təşviq edəcəyik. Üçtərəfli mexanizm şəklində çalışdığımız İraq məsələsidir. İraqın şimalındakı yerli muxtariyyətin tədbirini tanımadığımızı bəyan etdik. Buna qarşı atdığımız addımlar var. İran, İraq mərkəzi hakimiyyəti və Türkiyə birlikdə daha sərt şəkildə addımlar atacağıq. Suriyada da üçtərəfli mexanizm var - İran, Rusiya və Türkiyə. Astana anlaşmalarını həyata keçiririk. Hərbi və kəşfiyyat orqanlarımız qarşılıqlı əməkdaşlıq edirlər”.