"Məhkəmə Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib"


Digərləri 04 Okt 2017 17:10:00 478 0

"Məhkəmə Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib"

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı Anar Məmmədov çıxış edib. Prokuror bildirib ki, birinci instansiya məhkəməsi Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib, ədalətsiz və yüngül cəza təyin edib. Məhkəmənin gəldiyi nəticəni əsassız adlandıran prokuror deyib ki, onun cinayət əməli sübuta yetirilib.   Prokuror bildirib ki, şərti cəza təyin edilməsi cinayətə görə cəzasız qalmağı göstərir, hərbiçilər arasında intizamsızlığa səbəb ola, digərlərini cinayətdən çəkindirməyə bilər. O, Ş. Sultanov barədə olan hökmün ləğvini, ona həbs cəzasının verilməsini, vitse-admiral ali rütbəsinin alınmasını, dəymiş ziyanın onun əmlakına yönəldilməsini istəyib.   Prosesdə fasilə elan edilib.   Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.    Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.   Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.   Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prokurorluq isə hökmdən apellyasiya protesti verib.