DGK: Bu il ölkəyə gətirilən 1 kq yağ 4,28 ABŞ dollarına rəsmiləşdirilib


İqtisadiyyat 04 Okt 2017 15:33:25 447 0

DGK: Bu il ölkəyə gətirilən 1 kq yağ 4,28 ABŞ dollarına rəsmiləşdirilib

Komitə yağın bahalaşması ilə əlaqəsinin olmadığını bəyan edib

Kərə yağının qiymətində artımın baş verdiyi dövrdə bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilir. 

Qurum bu sahədə inhisarçılığın olmadığını sübut etmək üçün ötən il ölkəyə yağ idxal edilmiş ölkələrin sayını və məhsulların həcmini açıqlayıb: “2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28 377 938,84 ABŞ dolları dəyərində 8 357 095,43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998 149,22 ABŞ dolları dəyərində 8 391 526,17 kq yağ idxal edib. Statistik rəqəmlərdən də göründüyü kimi ötən il 1 kq yağ 3,39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4,28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır”.

“O cümlədən 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə bu məsələ DGK-nın səlahiyyətlərinə aid deyil", - Komitənin açıqlamasında qeyd olunub. 

Qeyd edək ki, bir sıra yerli KİV-lərdə Azərbaycana idxal olunan kərə yağının qiymətindəki artımın gömrük orqanlarının fəaliyyəti ilə bağlı olmasını göstərən yazılar yayılıb.