"UBS Bank": OPEC+ anlaşması uzadılmasa, neft dərhal ucuzlaşacaq


İqtisadiyyat 04 Okt 2017 14:23:24 414 0

"UBS Bank": OPEC+ anlaşması uzadılmasa, neft dərhal ucuzlaşacaq

Anlaşma uzadılarsa, gələn il neftin orta qiyməti 55 dollar/barel səviyyəsində qala bilər

"Əgər OPEC+ anlaşması uzadılmasa, neft qiymətləri dərhal düşəcək". 

"Report" xəbər verir ki, bu açıqlamanı İsveçrənin "UBS Bank"ının Honq-Konq şöbəsinin Xammal Departamentinin rəhbəri Dominik Şnayder (Dominic Schnider) verib.

"Düşünürəm ki, OPEC+ anlaşması üzvləri öz öhdəliklərini yerinə yetirəcək və böyük ehtimalla anlaşmanı 3 ay deyil, 6 ay uzadacaq. Bu il neftin qiyməti İran, İraq və Venesuela ilə bağlı gərginliklər fonunda 60 dollar/barelə qədər yüksələ bilər. Əsas problemlər isə 2018-ci ildə yaranacaq. Əgər OPEC+ anlaşması uzadılarsa, neftin orta qiyməti 55 dollar/bareldə qala bilər. Əks halda, neft sürətlə ucuzlaşacaq", - D.Şnayder qeyd edib.

Bank rəsmisi əlavə edib ki, ABŞ-da 2018-ci ildə neft hasilatının artması ehtimal olunur: "Bu səbəbdən OPEC+ üzvləri anlaşmanı martın sonunda bitirə bilməzlər".

Rusiya ilə bağlı olaraq D.Şnayder bildirib ki, bu ölkənin 2016-cı ildə nail olduğu tarixi rekord səviyyədə neft hasilatına çatması çətin olacaq. Bu səbəbdən Rusiyanı neft hasilatının həcmi deyil, neftin qiyməti daha çox maraqlandırır.