Gəncədə Nizami məqbərəsinin yanından qumbara tapılıb


Sosial 04 Okt 2017 14:54:20 475 0

Gəncədə Nizami məqbərəsinin yanından qumbara tapılıb

Aşkarlanan qumbara zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb

 Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsinin yanından qumbara tapılıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 3 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib, lakin həmin gün havanın yağmurlu olmasını və günün sona çatmasını nəzərə alaraq əməliyyat 4 oktyabrda davam etdirilib. Aşkar olunan 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 900 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.