Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 11 461 müqavilə bağlanılıb


İqtisadiyyat 03 Okt 2017 15:26:00 436 0

Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 11 461 müqavilə bağlanılıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələrin sayında 37% azalma, sığorta haqlarının məbləğində isə 2,12 dəfə artım müşahidə edilib

Bu ilin sentyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 11 461 sığorta müqaviləsi bağlanılıb.

“Report” İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 488 303 manat təşkil edib.

Müqavilələrin 9 463-ü yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1983-ü isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 37% azalma, sığorta haqlarının məbləğində isə 2,12 dəfə artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 136, bu müqavilələr üzrə sığorta haqlarının məbləği 10 590 manat təşkil edib.

Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 51 sığorta müqaviləsi bağlanılıb, sığorta haqlarının məbləği 13 859 manat olub.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.