Təqaüdçünün pulunu qarət edənlər: “Ac idik, pulumuz yox idi”


Digərləri 27 Avq 2017 21:46:00 62 0

Təqaüdçünün pulunu qarət edənlər: “Ac idik, pulumuz yox idi”

Gecələri internet-klublarda keçirən, gündüzləri Tibb Universitetinin həyətindəki skamyalarda yuxulayan, təqaüdçünün bankomatdan çıxardığı pulu əlindən alıb qaçan gənclər həbs olunarkən cinayəti imkansızlıq ucbatından törətdiklərini etiraf etm

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham olunan Masallı rayon sakini, 21 yaşlı Səma Tapdıqov və Hacıqabul rayon sakini, 20 yaşlı Əliağa Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Hökmə əsasən, Səma Tapdıqov və Əliağa Rzayev hər ikisi 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Səma Tapdıqov tanışı Əliağa Rzayevlə əlbir olaraq özgənin əmlakını talamaq məqsədilə 10 oktyabr 2016-cı ildə Nəsimi rayonu, S.Vurğun küçəsi, 167 ünvanında - Tibb Universitetinin binasının yaxınlığında quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatın ətrafında müşahidə aparıblar. Bu vaxt S.Tapdıqov həmin bankomatdan pul çıxaran təqaüdçü Nizami Talıbovun əlindəki 255 manatı alaraq hadisə yerindən qaçıb. S.Tapdıqov əldə etdiyi puldan Əliağanın “haqqı”nı verməsə də, sonradan 35 manata aldığı gödəkçəni ona hədiyyə edib.

“Üstümüzdə pulumuz yox idi, ikimiz də ac idik”

Təqsirləndirilən şəxs qismində dindirilən Səma Tapdıqov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Əliağa Rzayevlə ötən ilin may ayında tanış olduğunu, adətən gecələri səhərə kimi internet-klubda vaxt keçirdiklərini göstərib:

“Axşam saatlarında “Gənclik” metro stansiyasının yaxınlığındakı internet-kluba gəldik, səhərə kimi orada olduq. Səhər internet-klubdan çıxdıq. Üstümüzdə pulumuz yox idi, ac idik. Əliağa dedi ki, gedək Tibb Universitetinin yanına, orada tələbələrdən pul və ya telefon “aparaq”. Əgər telefon “apara” bilsək, satıb pul eləyəcəkdik. Razılaşdım. Tibb Universitetinin yanına gəldik, bizimlə birgə avtobusdan bir qız da düşdü. Onun arxasınca getdik, Əliağa qıza qarşı soyğunçuluq etmək istəsə də, icazə vermədim. Dedim ki, başqasına qarşı edərik. Qız universitetə daxil oldu”.

“Qaçarkən başmaqlarım ayağımdan çıxıb hadisə yerində qaldı”

Gecəni səhərə kimi internet-klubda olan gənclər yorğunluqdan və yuxusuzluqdan Tibb Universitetinin həyətindəki yatıblar. Bir qədər sonra universitetdə dərs arası fasilə zəngi çalınıb. Bir az əvvəl izlədikləri qızın universitetdən çıxaraq yaxınlıqdakı bankomat istiqamətinə sarı getdiyini görüblər. Belə qərara gəliblər ki, soyğunçuluq üçün ən ideal yer elə bankomatın qarşısıdır:

“Fikirləşirdim ki, nəsə əldə etsək, dərhal üzüyuxarı qaça bilərik. Əliağa yorğun idi deyə, bir az kənarda dayandı, mən bankomata tərəf getdim. Bu vaxt bir nəfər yaşlı kişinin bankomatdan pul çıxardığını görüb ona yaxınlaşdım, yolu soruşdum. Dərhal əlindəki pulları alaraq dördyol istiqamətində qaçdım. Qaçarkən başmaqlarım ayağımdan çıxıb hadisə yerində qaldı. Taksiyə minib “20 yanvar”a getdim. Dükandan özümə eynək, gödəkçə, ayaqqabı, köynək aldım”.

8 aydan sonra

Hadisədən üç-dörd gün sonra Səma Əliağa ilə təsadüfən “Malakan” bağında rastlaşıb. Tanışının hadisə zamanı onu tək qoyub qaçması, əldə olunan pulu aralarındakı razılığa əsasən bölüşdürməməsi ona pis təsir etdiyindən Səmaya yaxınlaşaraq sillə vurub:

”Mən də Əliağanı vurdum. Əliağa dedi ki, mənə pul vermədin, onda əynindəki gödəkçəni çıxar ver. Hava soyuq olsa da, gödəkçəmi çıxarıb ona verdim. Əynim çox nazik olduğundan, Əliağanın əynindəki idman paltarını götürdüm”.

Hadisədən 8 ay sonra – 11 aprel 2017-ci ildə polis əməkdaşları S.Tapdıqovu salfet satdığı zaman saxlayaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparıblar. Bölməyə gətiriləndə dostu Əliağanın da orada olduğunu görür.

“Polislər məni internet-klubdan apardılar”

Təqsirləndirilən Əliağa Rzayev ifadəsində adətən Səma ilə birlikdə səhərə qədər fəaliyyət göstərən internet-klublarda gecələdiklərini deyib:

“İkimiz də ac idik. Əvvəllər “Niaqara” restoranında ofisiant işlədiyimə görə əvvəlcə ora gedib borc pul almaq istədim. Sonra Tibb Universitetinin yaxınlığındakı bankomata tərəf gəldik. Mən aralıda dayandım, Səma qabağa getdi. Bir qədər sonra qışıqırıq səsi eşitdim. Bir qoca kişi “qaçdı, tutun onu” deyib qışqırırdı. Heç nə olmamamış kimi həmin qoca kişiyə yaxınlaşdım, onunla söhbət etdim. “Malakan” bağında Səmanı vurdum, dedim ki, əgər polis məni aparsaydı, necə olacaqdı. Polis əməkdaşları məni aprelin 11-də gecə saatlarında “Gənclik”dəki internet-klubdan apardılar. Məndən hadisə zamanı yanımdakı şəxsin adını soruşdular. Mən də Samir olduğunu dedim. Sonradan bilmişəm ki, əslində adı Səma imiş. Əməlimdən peşmanam”.

“Pulları cibimə qoymaq istəyəndə əlimdən alıb qaçdı”

Zərərçəkmiş şəxs qismində dindirilən 71 yaşlı Nizami Talıbov ifadəsində hadisə baş verən gün həmişə olduğu kimi evinin yaxınlığındakı bankomatdan təqaüd pulunu çıxardığını göstərib:

“Pulları cibimə qoymaq istədikdə bir nəfər yaxınlaşıb əlimdən alıb qaçdı. Həmin şəxsin arxasınca qaçaraq ətrafdakıların onu saxlamalarını xahiş etdim, köməyə çağırdım. Amma heç kim onu saxlamadı. Yaşlı olduğuma görə qaça bilmədim, yarı yolda dayandım. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub baş verənlərlə bağlı məlumat verdim”.

Qeyd edək ki, təqsirləndirilən Ə.Rzayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

İnarə Rafiqqızı

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı