Bakı İslam aləminin mayakına döndü


Siyasət 19 May 2017 17:34:00 63 0

Bakı İslam aləminin mayakına döndü

Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var

"Oyunlar zamanı bütün savaşlar dayandırılmalı, müharibələrə son qoyulmalıdır. Gücümüzü savaş yox, arenalarda yoxlamalıyıq" - qədim yunan filosofları belə deyirdilər.

Eramızdan əvvəl 776-cı ildən eramızdan əvvəl 394-cü ilədək indiki Yunanıstan ərazisindəki şəhər-dövlətlər Olimpiyada 293 dəfə Olimpiya Oyunları keçirmişdilər.

Yunanlar Olimpiyanı müqəddəs məkan, oyunları da bəşəriyyəti inkişaf etdirəcək vasitələrdən biri sayırdılar.

İlk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş İslam Həmrəyliyi Oyunları da Olimpiadalar təki, dünyada tərəqqiyə, sağlam vücudla sağlam ruhun vəhdətinə nail olmağa yönəlmiş düşüncəyə daha bir addımdır.

Hazırda Bakıda dünyanın 54 ölkəsindən üç min idmançı müxtəlif idman növləri üzrə mübarizə aparır. Əslində İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilən ilk irimiqyaslı yarış deyil. Azərbaycan birinci Avropa Oyunlarına, Ümumdünya Şahmat Olimpiadasına, Formula-1 yarışlarına, dünya çempionatlarına ev sahibliyi etməklə həm Avropanın, həm də müsəlman Şərqinin idman tədbirlərini eyni uğurla təşkil edən multikultural mərkəz statusu qazanıb.

Birlik, Sülh, Hörmət, Mükəmməllik

Bu Oyunların Bakıda keçirilməsi barədə qərar 2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci Baş Assambleyasında qəbul olunub.

Bakıya dünyanın hər yerindən - Rusiyadan, Avropadan, Orta və Yaxın Şərq ölkələrindən turistlər gəlir. IV İslam Həmrəyliyi Oyunlarının rəmzi su, talismanı isə Qarabağ atlarıdır.

Yarışlar birinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş müasir idman arenalarında təşkil olunur.

Əsas amil müsəlman dünyasının həmrəylini və dostluğunu nümayiş etdirməkdir.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, "Bakı-2017" İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa Çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1" kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblər üçün ümumilikdə 1600 medal nəzərdə tutulub.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə ediləcək. "Bakı-2017"nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - "İncə" və "Cəsur" Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.

Prezident İlham Əliyev İƏT-in rəsmi mətbu orqanı olan "OIC Journal" jurnalında dərc olunmuş "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır" sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: ". Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. "İslam Həmrəyliyi İli"nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır".

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: "Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik".

Dörd əsas dəyər - "Birlik", "Sülh", "Hörmət", "Mükəmməllik" dəyərləri üzərində qurulan Oyunlar "Gücümüz həmrəylikdədir" devizi altında keçirilir.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: "Mən ev sahibliyi edən gözəl ölkənin xalqına və "Bakı-2017"nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar "Bakı-2017"nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılıb".

İki il əvvəl keçirilən ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilən möhtəşəm Bakı Olimpiya Stadionu İslamiadanın təntənəli açılış mərasimində ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.

Olanlar və olmayanları deyənlər

"Qızıl medal qazanana 150 min manat verilir, o pul budcədən gedir", "Bu oyunlar nəyimizə gərək idi?!", "Oyunlara sərf olunan pulları uşaq bağçalarının, xəstəxanaların, məktəblərin tikintisinə, yolların təmirinə, yaşayış binalarının inşasına yönəltmək olmazdımı?"

Bu suallara və analoji səpkidə olan ritorika sosial şəbəkələrdə rast gəlmək olar. Azərbaycanda "canlı ölü"yə çevrilən, total məğlubiyyətinin və cəmiyyətdə kəskin antipatiyasını anladıqca daha da aqressivləşən, sərtələşən və əksər hallarda nə dediyinin, nə yazdığının fərqinə varmayan müxalifət liderlərinin lüğəti də son vaxtlar bu ifadələrlə zənginləşib.

Məntiq, perspektiv düşüncə və ən başlıcası, ölkə ilə millətin gələcəyini görə bilmək bacarığından bilmərrə xali olan insanların bu aqressiyası anlaşılandı.

Onlar zavallı siyasi talelərini dəyişmək üçün indi də belə vasitəyə əl atmağa çalışırlar.

Olsun, sualları cavablamağa çalışaq.

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarının təşkilatına, gedişatına və s. işlərə təbii ki, heç də az olmayan məbləğlər sərf olunub.

Qalib gələn idmançılarımıza da mükafat qismində pullar veriləcək.

Digər xərclər də var.

Bəli, belədir.

Di gəl, başabəla "tənqidçi"lərin siyasətdə və biznesdə "perspektiv investisiya" anlamından xəbərləri varmı?!

Təbii, 4-cü İslam Həmrəyliyi Oyunlarına sərf edilən pulları sosial təminata, infrastruktur obyektlərinin və s. inşasına sərf etmək olardı. Evlər tikmək, yollar salmaq, uşaq bağçaları və məktəblər inşa etmək mümkündü.

Həmin pullar sosial investisiya sayılır və xalqın yaşamının yaxşılaşdırılması, vətəndaşın tələbatının ödənilməsidir. Gərəkli işdir. Amma sonra?!

Perspektiv investisiyalar isə ölkənin sosial, siyasi və mədəni həyatının inkişafına, tərəqqisinə yatırılan pullardır ki, bunlar az öncə bəhs etdiyimiz sosial investisiyalardan fərqli olaraq, dövlət həyatının digər müstəvilərinə sirayət edir.

Yəni yaşayış binalarının tikilməsi ölkənin beynəlxalq arenada tanınmasına, yolların salınması imicinin pozitivləşməsinə, uşaq bağçalarının istifadəyə verilməsi iqtisadiyyatın inkişafına bilavasitə yönəlməyib - bütün bunlar iqtisadi baxımdan sosial xərclər, yəni törəmə məsrəflərdir.

Bakıda beynəlxalq, nüfuzlu idman tədbirlərinin keçirilməsi isə ölkənin imici, tanınması, vətəndaşların rifahı və ən başlıcası, iqtisadi-siyasi mövqelərinin möhkəmlənməsinə yönələn aksiyalardır.

Qələbə üçün 150 min verilir? Tam dürüst və məntiqi qərardır, çünki Azərbaycan idmançısının zəfərinin ona titulla yanaşı, böyük məbləğdə pul qazandırması dövlətin idmana diqqətinin və idmançıya qayğısının bariz nümunəsi olmaqla yanaşı, yüzlərlə, minlərlə uşağı və yeniyetməni belə nəticələr əldə etməyə həvəsləndirir.

Necə ki, istisnasız olaraq bütün ölkələrdə idmançıların uğurları, qələbələri ilə yanaşı, gəlirləri milyonlarla gəncin idmanla məşğul olmasının səbəbləri arasındadır.

Merkantil təsir bağışlasa da, belədir.

4-cü İslam Həmrəylik Oyunları Azərbaycana turizm axınını gücləndirəcək amillər arasında əhəmiyyətli yer tutur.

Və ən nəhayət - Bakı bu turnirlə bağlı sərf etdiyi pulları artıq büdcəsinə qaytarıb.

Oyunlara gəlmiş minlərlə əcnəbinin Bakıda sərf etdiyi vəsaiti ən azı nəzərə almaq gərəkdir.

İdman siyasətdir

İdmanın siyasətdən kənar olduğu deyilir, amma idman ən effektiv siyasi vasitələrdən biridir.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdı. Medal sayına görə dünyada 14-cü, Avropada - 7-ci, postsovet məkanında Rusiyadan sonra 2-ci, müsəlman ölkələri arasında isə birinci olduq.

Bakıda da medalların sayı az deyil və bu medalların əldə olunduğu yarışlarda Azərbaycanın bayrağı qalxmaqla yanaşı, bu prosesə dünyanın 84 ölkəsində tamaşa edirlər.

Artıq bir həftədir ki, təqribən 630 milyona yaxın insan Bakıdan reportajlara, xəbərlərə, translyasiyalara baxır və prosesin PR, Azərbaycanın dünya miqyasında reklamını dəqiq hesablamaq asan deyil.

Həmin translyasiyalar və reportajlar Azərbaycanda idmanın dövlət siyasətinin elementlərindən birinə, tərəqqinin və inkişafın hissəsinə çevrildiyini göstərir.

Turizm sektorunu da unutmayaq. Sadəcə, bir misal: qardaş Türkiyə 2014-2016-cı illərdə ölkənin turizm potensialının təbliğatı məqsədilə imic reklamlarına, aksiyalara, tədbirlərə və s.-yə  toplam olaraq 202 milyon dollar sərf edib. Sonucda reklamlara sərf edilən hər dollar Türkiyəyə 2,6 dollar xeyir gətirib.

Həmin dövrdə Azərbaycanın analoji xərcləri təqribən 5,2 milyon dollar təşkil edib. Gəlir isə hər dollara 53,9 (!) dollar təşkil edib.

Səbəb trivialdır: Azərbaycanda turizm sektorunun həndəsi silsilə ilə inkişafını şərtləndirən əsas məqamlar məhz Bakıda keçirilən beynəllxalq tədbirlər, çempionatlar, turnirlər və s. olub.

İslam, inkişaf, demokratiya, həmrəylik

Bu kəlmələr Bakıda davam edən 4-cü İslam Həmrəyliyi Oyunlarının kod sözləri, devizi, şüarı və çağırışıdır. İslam sülh, bilik, inkişafdır və bu, son illərdə dinimizi yalnız aqressiya, radikallıq, mürtəcelik kimi göstərmək istəyən islamofoblara, müsəlmanları mürtəce düşüncəli insanlar toplusu kimi qələmə verməyə çalışan ksenofoblara cavabdır.

Bakı yenə də İslam aləmində ulduz kimi parlayır və 1918-ci ildə Şərqin ilk demokratik respublikasının qurulduğu məkan bu dəfə multikulturalizm, tolerantlıq və həmrəylik nümunəsi kimi bütün müsəlman dünyasına işlək modeli, effektiv mexanizmləri göstərir.

Elçin Alıoğlu Son.az

loading...
Salomon Kalunun fikrini Mark Vilmots  dəyişdirdi like
  • 19 May 17:33  
İdman Salomon Kalunun fikrini Mark Vilmots dəyişdirdi

Yanvarda Kot-d`İvuar millisində çıxışını başa vuran Salomon Kalu

arrow Ətraflı
"Klon"un "Xədicə"sinin yeni sevgilisi - fotolar like
  • 19 May 17:32  
Şou-biznes "Klon"un "Xədicə"sinin yeni sevgilisi - fotolar

"Klon" teleserialının "Xədicə"si Karla Diazın yeni sevgi romanı olduğu de

arrow Ətraflı
Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib like
  • 19 May 17:28  
Siyasət Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib

“Ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilat

arrow Ətraflı
SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib like
  • 19 May 17:26  
İqtisadiyyat SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib

Bu həcmin 495 mln. kubmetri aprel ayında hasil olunub

arrow Ətraflı
SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib like
  • 19 May 17:22  
İqtisadiyyat SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib

Bu həcmin 613 min tonu aprel ayında hasil olunub

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 19 May 17:22  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 22.05.2017-ci il tarixinə

arrow Ətraflı
Avropanın İNTİHAR STATİSTİKASI like
  • 19 May 17:21  
Kriminal Avropanın İNTİHAR STATİSTİKASI

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alın

arrow Ətraflı
Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı like
  • 19 May 17:19  
Digərləri Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yar

arrow Ətraflı
Mayın 22-nə manatın məzənnəsi like
  • 19 May 17:18  
Digərləri Mayın 22-nə manatın məzənnəsi

Mayın 22-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı like
  • 19 May 17:17  
Dünya Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu&

arrow Ətraflı
"O evlərdə heç kim yaşamır" like
  • 19 May 17:16  
Digərləri "O evlərdə heç kim yaşamır"

Bakının Binəqədi rayonunda yaşayış binasında dəhşətli yanğın hadis

arrow Ətraflı
"Çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq" like
  • 19 May 17:15  
İdman "Çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq"

- Bildiyiniz kimi, son 2 mövsüm Premyer Liqanın keçirilməsi q

arrow Ətraflı