Lapşinin ürəyi ağrıyır, müalicə alır


Digərləri 17 Apr 2017 19:25:00 84 0

Lapşinin ürəyi ağrıyır, müalicə alır

Bakıda həbsdə olan Alenksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsinə köçürülüb.

Bu barədə Trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.Onun sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur:

"Bir müddət əvvəl Lapşin səhhəti ilə bağlı müraciət etmişdi. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona "ürəyin taxikardiyası" diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb. Hazırda onun səhhəti normaldır, müalicəsi davam etdirilir. Lapşinin saxlanma şəraiti ilə bağlı heç bir problem yoxdur, bir az darıxır, o da təbii ki, təcridxanaya görədir".

Vəkil bildirib ki, bu gün təcridxananın tibb məntəqəsində A.Lapşinlə görüşüb, onun vəziyyəti ilə maraqlanıb: "Heç nədən şikayət etmədi. Müstəntiq də bir neçə gün öncə onunla görüşüb, istintaq barədə danışıblar".

E.Çernin qeyd edib ki, bəzi erməni və rus saytlarında A.Lapşinin vəziyyətinin ağır olması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir: "Bütün bunlar yalandır".