Stomotoloqun baş tutmayan narkobaronluq sevdası


Sosial 02 Apr 2017 18:04:00 70 0

Stomotoloqun baş tutmayan narkobaronluq sevdası

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 34 yaşlı Bərdə rayon sakini Mirdamət Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İttihama görə, Mirdamət Əkbərov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı - “Elçin” adlı şəxslə cinayət əlaqəsinə girib. Aralarındakı razılaşmaya əsasən, 1500 manat müqabilində həmin şəxsin gömrük nəzarətindən gizli keçirib Cəlilabad rayonundakı Olimpiya İdman Kompleksindən 100 metr aralıda yerləşən ağacın alıtnda gizlətdiyi 609,2 qram narkotik vasitəni yaşadığı evə gətirərək saxlayıb. Ötən ilin avqust ayında isə həmin narkotik vasitəni özü ilə Bakı şəhərinə gətirərək tanışı Samir Mahmudovun evində gizlədib.

8 avqust 2016-cı ildə M.Əkbərov Xətai rayonu, Gəncə prospektindəki “Fəridə” şadlıq evinin qarşısında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun üzərindən 5,3 qram həşiş qətranı aşkar edilərək götürülüb. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçiriblər. Həmin vaxt M.Əkbərov mənzildəki paltar dolabının içərisindən çıxartdığı yarım kilodan artıq (604 qram) narkotik vasitəni polis əməkdaşlarına təqdim edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Mirdamət Əkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində damar genişlənməsindən əziyyət çəkdiyini, 2016-cı ilin əvvəlində bununla bağlı İran İslam Respublikasının Ərdəbil şəhərində əməliyyat olunduğunu, bir həftə həmin şəhərdə qaldığını göstərib. Orada İran İslam Respublikasının vətəndaşı Elçin adlı şəxslə tanış olub. Söhbət əsnasında Elçinə maddi imkanının aşağı olduğunu, dolana bilmədiyini söyləyib. Elçin isə “məndə müxtəlif növ narkotik vasitələr olur, təşkil edə bilərəm, özüm yox, tanışlarım vasitəsilə göndərərəm” deyib. Aralarındakı razılığa əsasən, Elçin narkotik vasitəni Cəlilabad rayonunda yerləşən Olimpiya İdman Kompleksindən 100 metr aşağıdakı 70 ədədi yazılan yol nişanının yanındakı ağacın altında gizlədəcəyini deyib:”Narkotik vasitəni satmaq üçün deyil, özüm üçün istifadə edəcəkdim. Əməliyyat olunduğumdan ağrılarımın olacağını ehtimal edirdim. Elçin narkotiki Cəlilabada göndərdikdən sonra mənə məlumat verəcəkdi”.

M.Əkbərovun ifadəsinə görə, İrandan Azərbaycana qayıtdıqdan bir müddət sonra Elçin onunla telefon əlaqəsi saxlayıb, pulu düzəldə bilib-bilmədiyini soruşub: ”Cəmi 1500 manat düzəltdiyimi dedim. Bir gün sonra yenidən zəng vurub narkotik vasitəni dediyi yerə qoyduğunu, onu götürdükdən sonra pulu həmin yerə qoymağı tapşırdı. Cəlilabada gedib həmin ərazini tapdım. Narkotik vasitəni oradan götürüb, pulu həmin yerə qoydum. Zəng vurub özünə də dedim. Evə gəlib torbanın içərisindəki yapışqan lentlə bağlanmış həşiş qətranını adi tərəzi ilə çəkdim. 680 qram idi. Bu barədə evdə heç kimə heç nə demədim. Narkotik vasitəni həyətdəki köhnə şkafın içərisində gizlətdim”.

M.Əkbərovun ifadəsinə görə, ötən ilin avqust ayının 3-də işləmək və qızını müalicə etdirmək məqsədilə paytaxta gəlib. Paytaxta yola düşərkən özüylə narkotik vasitəni də gətirməyi yaddan çıxarmayıb: ”Paltarlarımın içərisində gizlətmişdim. Tanışım Samir Mahmudovun evinə getdim. Samirin narkotikdən istifadə etməyimdən xəbəri olmayıb. Bu haqda ona heç nə deməmişəm. O, məni stomatoloq kimi tanıyıb. Samirə dedim ki, qızımın burnunda problem var, rayondan ailəmi də gətirmək istəyirəm, razılaşdı. Gecə təxminən saat 02 radələrində siqaret almaq üçün marketə düşdükdə bir neçə nəfər yaxınlaşaraq polis olduqlarını dedilər. Üzərimə baxış keçirdilər. Şalvarın cibindəki bir büküm həşişi polislərə təqdim etdim. Sonra polislərə dedim ki, Bərdə rayonundan istifadə etmək üçün narkotik gətirmişəm, tanışım Samirin evində onun xəbəri olmadan Samir adlı tanışımın xəbəri olmadan onun evində saxlamışam. Polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə mənzildəki paltar dolabında gizlətdiyimi narkotik vasitəni onlara təqdim etdim”.

Şahid qismində dindirilən Samir Mahmudov ifadəsində göstərib ki, Mirdamət Əkbərovu hadisədən iki ay əvvəl tanıyıb:”Mirdamət Bərdədə yaşadığını, diş texniki işlədiyini, işləri ilə əlaqədar mütəmadi olaraq Bakıya gəldiyini deyirdi. Sonuncu dəfə mənə uşağının burnunda tez-tez qanaxma olduğunu, onu həkimə aparacağını və ailəsini Bakıya gətirmək istədiyini dedi. Xahiş etdi ki, yaxşı həkim tapana kimi ailəsi mənim evimdə qalsın. Razılaşdım. Mirdamətin çantasında nə olduğunu soruşmamışam, orda qeyri-qanuni nəsə olması ağlıma da gəlməyib. Mirdamət özü də heç nə deməyib. Avqustun 8-də gecə evdə olarkən qapı döyüldü, polislər gəldi. Mirdamətin narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini, mənzildə narkotik vasitə saxladığını dedilər. Mirdamətin mənzildə narkotik saxlamasından xəbərsiz olduğunu söylədim. Bundan sonra evə baxış keçirildi”.

Məhkəmənin hökmü ilə Mirdamət Əkbərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı